Şiə oyunçunun sün(n)i oyuncağı | ŞƏRH

// Fələstin azad olmaq istəyirsə, İrandan uzaqlaşmalıdır

   Şiə oyunçunun sün(n)i oyuncağı    | ŞƏRH
  24 Oktyabr 2023    Oxunub:8728
Fələstinlilərin Azərbaycanın yeni tarixindən çıxarmalı olduqları vacib bir dərs var. Əgər Azərbaycan “müttəfiq”, “dost”, “qonşu” deyib, İrana arxalansaydı, torpağını yalnız itirə bilərdi. Biz həm də İranı Qarabağ münaqişəsindən uzaq tutduğumuza görə ərazilərimizi işğaldan azad edə bildik.
Münaqişə ilə bağlı ilk üz tutduğumuz dövlət İran olmuşdu. 1994-cü il mayın 12-də sülh müqaviləsi imzalanana qədər Azərbaycan Respublikasının ərazisində yalnız İran İslam Respublikasının hərbi iştirakı olub. Ölkənin o vaxtkı rəhbəri şəxsən İrana gedib, kömək istəmişdi. İran hərbi müşavirlər göndərmiş, amma ermənilərin hücumları artanda onlar “İran hərbçiləri beynəlxalq hüququ poza bilməzlər” deyə, çıxıb getmişdilər.

Sonradan Azərbaycan Tehranın “İslam inqilabı”, Azərbaycan dövlətçiliyini məhv etmək niyyətlərini başa düşdü və İranı daxili proseslərə yaxın buraxmadı. Hətta sonda İranın Ermənistanla münasibətlərini neytrallaşdırmaq gücünə də sahibləndi.

Torpaqlarımızı işğaldan azad etməkdə İsrailin müstəsna rolu olub. Hətta nəzəri cəhətdən istisna deyil ki, İsraillə əlaqələri kəssək, İran yenidən Ermənistana kömək edib, revanşa qaldıra bilər.

Bu yazıları da oxumağı tövsiyə edirik:
• Hər şey belə başladı: Birinci yəhudi-ərəb müharibəsi, yaxud İsrail necə yaranmışdı
• İsrail yerüstü əməliyyata niyə başlamır?

Azərbaycanın və İranın Fələstinə yanaşmalarını müqayisə etsək, bizim siyasətimiz daha səmimidir. Şiə İran sünni Fələstin hərəkatının çökdürülməsi istiqamətində fəaliyyət göstərir. İsrail Qəzza sektorunda istədiyini edir, amma İran bir dəfə də olsun ortaya qəti mövqe qoymayıb. Müharibəyə qədər İran hərbçiləri hər gün televiziyalarda yeni silahlarının İsrailin hansı regionlarına çatacağından danışırdılar. İranın verdiyi məlumatları toplasaq, İsrailin vacibi obyektlərini vurmağa qadir olan azı 500 raketi var. Amma onları niyə öz ərazisindən atmır – bu, çox maraqlı sualdır... Belə məlum olur ki, Tehranın marağı heç də Fələstini qorumaq deyilmiş.

İndiki vəziyyətdə fələstinlilər üçün ən böyük dərs bu olmalıdır. Hazırda onları qırğına verməkdə İranın məqsədi ərəb dövlətləri ilə İsrail arasında “İbrahim müqaviləsi” adı altında gedən normallaşma prosesini dayandırmaqdır. Qəzza əhalisi bundan ötrü qurban getməyə hazırdırsa, bu, artıq HƏMAS və “İslami cihad”ın öz işidir.

İran İsraili dayandırmaq əvəzinə Fələstin muxtariyyətinin başçısı Mahmud Abbası İsmayıl Haniyə ilə əvəzləmək kursunu götürüb. Oktyabrın 18-19 da HƏMAS-ın lideri İsmayıl Haniya və İslami Cihad Təşkilatının lideri “Sepah” qüvvələrinin Qüds qruplaşmasının komandanı Kaaninin dəvəti ilə Tehranda oldular. Tehrana çatan kimi onları İranın ali dini lideri və prezidenti qəbul etdi. Haniyənin İran televiziyasına verdiyi müsahibəyə görə hazırda əsas məsələ Fələstin xalqını birləşdirməkdir. Bunun qarşısını kəsən isə Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasdır. O devrilməli, yerinə Haniyə prezident seçilməli, sonra mübarizə davam etməlidir. İranın siyasəti belədir.
Hər şey belə başladı: Birinci yəhudi-ərəb müharibəsi, yaxud İsrail necə yaranmışdı

Yaranmış vəziyyətdə İranın anti-Azərbaycan davranışının kəskinləşməsi gözlənilən idi. Son vaxtlar İranda Azərbaycanla münasibətlərin normallaşmasına hazırlaşırdılar. Azərbaycana qarşı ideoloji maşının işi zəiflədilmişdi. Amma müharibə başlayandan sonra bütün ictimai-siyasi verilişlərdə “Azərbaycan niyə Fələstinə dəstək vermir?!” “Azərbaycan niyə əhalisini etiraz aksiyasına çıxmağa qoymur?!” ritorikası şiddətləndi. Halbuki, müqayisə etsək, Fələstinə dəstəklə bağlı Türkiyədə keçirilən etiraz aksiyaları İrandakılardan bəlkə də yüz dəfə daha sərt və məqsədyönlü şəkildə idi.

Bu fonda İranlı aparıcılar yenidən Azərbaycana qarşı ağır sözlər işlətməyə başlayıblar. Azərbaycanın dövlətçiliyini “rejim” hesab edənlər dönüb öz ölkələrinə baxsalar, daha yaxşı olar. Azərbaycan dövlət deyil, İran dövlətdirmi? Hansı əlamətinə görə?! İranın Prezident Aparatında Qasım Cəfəri adlı danışığını bilməyən biri bəyan edir ki, “Allah İran rəhbərliyini sevir, Azərbaycan rəhbərliyini sevmir”. Maraqlıdır, bunu Allahın özüdənmi soruşub? Yaxud, bəlkə ona vəhy gəlir?! Allah hansı ölkənin rəhbərliyini sevdiyini harada, necə bəyan edib?!

İran harada səmimidir, harada yalan, harada düz danışır, nə məkri var - biz bunları çox yaxşı bilirik. İran bu vaxta qədər bizə heç nə edə bilməyib, edə də bilməyəcək. İndi də vəziyyəti də elə həddə gətirib çıxarmamalıdır ki, Azərbaycan müvafiq tədbirlər görsün.

Mübariz Əhmədoğlu
AzVision.az


Teqlər:   İran   Fələstin  





Xəbər lenti